
Mədəniyyətimizin incisi
Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən biri olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişdir. Nar Toğrul Nərimanbəyov yaradıcılığının rəmzinə çevrilmişdir. Rəssam öz tablolarında narı böyük şövqlə, həvəslə təsvir edərək bu şahanə meyvənin gözəlliyini ustalıqla, sevə-sevə kətana köçürmüşdür. Onun “Natürmort Narlar”, “Narlar”, “Natürmort Nar ağacı”, “Şərq nağılı” və başqa əsərlərində bunun şahidi oluruq. Sərt üslubun ilk nümayəndələrindən olan dünya şöhrətli rəssam Tahir Salahov da natürmortlarında nar təsvirlərinə geniş yer vermişdir.
Azərbaycanın memarlıq irsinin ən görkəmli abidələrindən biri sayılan Şəki Xan sarayının divar rəsmləri Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir. Sarayın divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilmişdir. Bunların arasında nar ağacının təsviri interyerə xüsusi gözəllik verir. Rəsm əsərlərində göy, qımızı, qızılı rənglərdən daha çox istifadə edilmişdir. Bu da təsvirlərin bədii təsirini, milli koloritini gücləndirir. Sarayın rəssamlıq nümunələri bu günə qədər öz ecazkarlığını qoruyub saxlayır.
XIX əsrin sonu – XX əsrin əvvəllərində naxışlı tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklərdən), boyama zamanı bitkilərdən alınan boyaq maddələrindən istifadə edilirdi.
Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq və meyvə ağaclarının (nar, heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və günəş təsvirlərindən ibarət idi.
İpəkdən hazırlanan milli qadın baş örtüyümüz kəlağayının kənarları həndəsi və müxtəlif ornamentlərlə bəzədilir. Xalq sənətkarları təbiətin gözəlliyindən ilhama gələrək və kəlağayıları bağ çiçəkləri olan qızılgül, zanbaq və digər güllərlə, həmçinin alma, albalı kimi meyvə ağaclarının çiçəkləri ilə yanaşı nar çiçəkləri ilə də bəzəmişlər. Hesab olunur ki, kəlağayı, onun rəngi, ornamenti və bağlanma tərzi ilə sevgi etirafı etmək, üzr istəmək, barışmaq, öz sosial statusunu vurğulamaq mümkündür.
Nar cənnət meyvəsidir. Tərkibi dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir. Nar sortuna görə şirin, turş və kəmşirin olur. Nara turş dadı verən onun şirəsində olan limon turşusudur. Nardan kompotlar, şərablar, nardança hazırlanır. Azərbaycan kulinariyasında narın özünəməxsus yeri var. Narın turş qırmızımtıl ləti desert və salatlarda, həmçinin sərinləşdirici içkilərin hazırlanmasında istifadə edilir. Narı dondurma ilə masaya vermək, zərif desert üçün qatı qaymaqla və beze ilə qarışdırmaq və ya salatların üzərinə səpmək olar. Quzu və can ətindən, balıqlardan növbənöv nar qovurma hazırlanır. Yağlılığın azaldılması üçün yeməklərə nar yağı əlavə edilir.